İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir.
Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.